Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







QLOBBALLAŞMA, DİN, İSLAM

Font:      
Şahin Əhmədoğlu
İlahiyyat elmləri doktoru

Əsas terminlər: Qloballaşma, din, İslam
Key words: Globalization, religion, Islam

Giriş
XXI əsrin bu sürətli dövrü, bir-biri ilə münaqişə edən sistemlər meydana gətirmişdir. Bir yandan qloballaşma, mədəniyyətlər münaqişəsi, digər tərəfədən qlobal terror, din və bununla birlikdə İslam dininin dünyadakı imicinə bəzi qüvvələrin vurmaq istədiyi zərbələr. Bütün bunlar, inkişafda olan dünyamızda çox ciddi şəkildə müzakirə edilir. Ümumiyyətlə qloballaşmanın, müasir dünyadakı din və bir din kimi islamla əlaqələri bir çox mütəxəssislər tərəfindən müxtəlif cür izah edilir. Azərbaycanda həm qloballaşma, həm də islamla olan əlaqələr sahəsində hələ də ciddi tədqiqatlar aparılmamışdır. Buna görə də, bu məsələyə hansı baxış tərzinin formalaşdığını müəyyən etmək elə də asan məsələ deyildir. Bu istiqamətdəki tədqiqatları bir yerə cəm edərək toplu halda yayımlamaq müsbət bir hadisədir. Klassik və müasir terminlərin izah edilməsi və başa düşülməsi istiqamətində atılan bütün addımlar alqışlanmalıdır. Elmi inkişaf məhz bununla mümkün olacaqdır. Azərbaycan bir cəmiyyət olaraq qloballaşmanı olduğu kimi dərk etməli və bunun üçün ən münasib variantlar seçilməlidir. Din kimi islamın başa düşülməsi və qloballaşma ilə olan əlaqələrinin incələnməsi, qlobal mənəvi-əxlaqi keyfiyyətlərin qorunmasında mühüm rol oynayacaqdır. Bu məqaləmizdə qlobalaşmanın, ümumilikdə din, xüsusi halda isə islamla olan münasibətlərini incələməyə çalışdıq.
1-Qloballaşma fenomeni
Müasir dünya siyasətinin ayrılmaz bir parçası halına gələn qloballaşmanın kökündə, hər nə qədər sənayenin inkişafı mühüm yer tutsa da, bunun kökündə bir çox faktorlar vardır. Qloballaşmanın ortaya çıxmasında əsasən üç əsas faktor əhəmiyyətli rol oynamışdır: İqtisadi inkişaf, siyasi güc və mədəni əlaqələr.1 Bu faktorlara, elm, təhsil və medianı da əlavə etmək olar.2 Qloballaşamanın ortaya çıxdığı qərb dünyasındakı anlayış ilə, islam dünyasındakı anlayış tərzi bir-birindən çox fərqlənir. Buna görə də, islam dünyasında qloballaşma məfhumunun necə başa düşüldüyü, islamla qloballaşma arasında oxşar və fərqli cəhətlərin müəyyən edilməsi gərəklidir.
Qloballaşma qarşısına çıxan hər şeyi əhatəyə alır, heç bir şey onun təsirindən kənarda qala bilmir. Burada haqlı olaraq bir sual ortaya çıxır, qloballaşma insan həyatına hansı yenilikəri gətirmişdir? Fikrimizcə, bu suala cavab verilsə, həm qloballaşma, həm də din haqqındakı düşüncələr doğru şəkildə başa düşülər. Qloballaşma ilk olaraq insan həyatının sürətlə hərəkətini təmin etmişdir. Bununla birlikdə, texnologiyanın inkişaf etməsi ilə insanlar dünyanın istənilən nöqtəsindən, asanlıqla və qısa bir zamanda məlumat almaq imkanı əldə etmişdir. Bu isə sürətli düşünməyi ortaya çıxarır və insan beyninin daha çox inkişafına istiqamət verir. Amma bu sürətli inkişaf, qloballaşmanın doğru başa düşülməsini çətinlışdirir.3
Qloballaşma fenomeni haqqında çox danışmaq olar. Amma biz, hələlik qloballaşmanın ümumi prinsiplərinə toxunacağıq. Yuxarıda səsləndirilən fikirlərə əlavə olaraq qloballaşma aşağıdakı şəkildə də dəyərləndirilir: Birinci düşüncəyə görə siyasi, yəni Amerika Birləşmiş Ştatlarının dünyadakı hakimiyyəti ifadə edilir. Bu, həqiqətə çox yaxındır. Çünki, Amerikanın həyatımızın bütün sahələrində təsiri görünür. Bu mənada, qloballaşmanın Amerikanın müasir ideologiyası halına gəldiyini söyləmək mümkündür. İkinci düşüncəyə görə, qloballaşmanın iqtisadi sahəsədə baş verməsidir. Bunun mənası isə beynəlxalq valyutanın-kapitalın dünyadakı hakimiyyətidir. Üçüncü halda isə qloballaşma mədəni və sosial həyata, yaşayışa, mədəniyyətə, kulturologiyaya, dinə, inanca qərb düşüncə tərzinin, adət-ənənəsinin təsirləri kimi başa düşülür.4 Bəzi tədqiqatçılar, qloballaşmanın məqsədinin tək bir dünya sistemi qurmaq olduğu fikrini müdafiə edirlər.5 Göründüyu kimi qloballaşma çoxşaxəli bir sistemə malikdir.
Qlobal iqtisadi, siyasi anlayış terminalogiyasına son illərdə bir də qlobal terror ifadəsi da əlavə edilmişdir. Müasir insan qlobal terror təhlükəsi ilə birgə yaşayır. Nəticədə siyası və nəzəri sistemlər kimi, qloballaşmanın insan həyatına gətirdiyi müsbət xüsusiyyətlərlə birlikdə, eyni zaman mənfi xüsusiyyətləri də gətirdiyi qaçılmazdır.
2-Din fenomeni
Bəşəriyyət, atamız Adəmlə başlayaraq çox uzun mərhələlərdən keçmiş və günümüzə qədər gəlmişdir. Bu mərhələlərdə insanlar müxtəlif dinə inanmışdır. Bunlar arasında atəşpərətstlik, buddizm, yəhudilik, xristiyanlıq və islam kimi dinləri saymaq olar. Alimlər apardıqları tədqiqatlardan belə nəticəyə gəlmişdir ki, dinin tarixi bəşəriyyətin tarixi qədər qədimdir.6 Dinin, Allah tərəfindən bəşəriyyətə göndərilən ilahi qanunlar toplusu olaraq izah edilməsi də bunu təsdiq edir. İnsanın dinə olan fitri marağını Baudelaire belə iadə edir: "Yer üzündə dinlər qədər maraqlı heç nə yoxdur."7 Həqiqətən də, bəşəriyyət tarixinə nəzər saldıqda görürük ki din dünya tarixində əhəmiyyətli dərəcədə tol oynamışdır.
Prof. Dr. Hasan Onat din haqqındakı fikirlərini belə bəyan edir: "Din ümumiyyətlə, mücərrəd bir qavramdır; yalnız insan şüurunda vardır. İnsanın xaricində Allah vardır; peyğəmbər və müqəddəs kitablar vardır. Ancaq, Allaha inanan fərddir. Allah inancını mənliyinin dərinliklərində hiss edən, inancı daxili dünyası ilə bütövləşdirən, davranışlarında əks etdirən də fərddir. Din fərdi, fərd də dini şəkilləndirir. Din əslində hamının bildiyini zənn etdiyi, ancaq mücərrəd olduğuna görə, asanlıqla tərif edilə biləməyən bir fenomendir."8
İndi, bütün dünyanın demək olar ki bir nömrəli məşğuliyyəti olan qloballaşmanın dinə təsirinin necə ola biləcəyinə nəzər yetirək və bunun əksini, yəni dinin qloballaşmaya təsirinin necə olacağını mülahizə edək. Burada bir məsələni də diqqət mərkəzində saxlamaq lazımdır ki, din və qloballaşma arasında tək tərəfli bir əlaqə yoxdur, beləliklə bəziləri tərəfindən, qloballaşmanın hakim, dinin isə məhkum olduğunu iddia etmək doğru deyildir. 9
Qloballaşmanın dinə müsbət və mənfi təsirini müdafiə edən tədqiqatçılara rast gəlmək mümkündür. Belə ki, qloballaşmanın dinə iki istiqamətdə təsirini vurğulayan Dr. A. Aslana görə, "qloballaşmanın yaranmasına şərait yaradan iqtisadi və siyası təşkilatlanmaları, sosial və əxlaqi problemləri ortaya çıxardaraq, dinin güclənməsinə təkan verir və dinə beynəlxalq aləmdə hərəkət etmə imkanı yaradır, digər tərəfdən dinin qlobal şərtlərdə ünsiyyət vasitəçisi kimi çıxış etməsinin qarşsını kəsir və bunu mənasızlaşdırır.10
3-İslam
Yuxarıda qloballaşma və din fenomenləri arasında əlaqələrdən söz açdıq. Burada isə son ilahi din olan İslam və onun dəyərlərindən bəhs edərək, bu dəyərlərin qloballaşma ilə olan əlaqələrini izah edəcəyik. İslam, Allah tərəfindən göndərilən dinin adıdır. Bu, Quranda "Allah yanında din islamdır"11 şəklində ifadə olunmuşdur. Bundan belə nəticəyə gəlmək mümkündür ki, islam Allah tərəfindən göndərilən bütün dinlərin ortaq adıdır. Beləliklə həm yəhudilik, həm də xristiyanlıq (təhrif olunmadıqları halları ilə) əslində islamdır. Demək ki, islamın gətirdiyi əsasların ümumbəşəri olmasında heç bir şübhə olmamalıdır.
İslam dininin əsas məqsədi insanın xöşbəxtliyini təmin etməkdir. İslamın bəşəriyyətə gətirdiyi ən ümdə dəyərlərin başında əxlaq gəlir. Çünki əxlaq, beynəlmiləl bir dəyərdir. Həzrəti Məhəmməd (s.ə.s.) də bunu təsdiq etmişdir: "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim."12
Bundan əlavə islam insanın ədalətli davranmasını tövsiyyə edir. Xüsusilə sosial ədalətin təminatı islamın əsas prinsiplərindən biridir. Qeyd etmək lazımdır ki, ədalət məfhumu da beynəlmiləl bir dəyərdir.
İslam bununla da kifayətlənmir, insanın həyatının iqtisadi çətinliklərini nəzərə alaraq yeni bir sistem gətirir. Bu, islam terminologiyasında zəkat adlanır.13 Müasir dünyamızda buna iqtisadi ibadət də demək mümkündür. Zənginlərin mal-dövlətlərinin cüzi bir hissəsini ehtiyacı olanlara verməsi, sosial həyatın normal şəkildə təmin edilməsi üçün ən ideal metoddur.
İslam, insan hüquqlarının və bərabərliyinin qorunmasına diqqət yetirir, insanlarn bir-birindən milli mənsubiyyətlərinə, irqinə və sosial-iqtisadi mövqeyinə görə üstün olmadığını bəyan edir.14 İslama görə, üstünlük elm sahibi olmaq və doğru davranışla15 mümkündür. İslamın bəşəriyyətə gətirdiyi yeniliklərin sayını çoxaltmaq mümkün olsa da, fikrimizcə bu misallar kifayətdir.
Dinin insanlıq tarixi üçün önəmli olan xüsusiyyətləri, Hans Küng və Karl Kuschelin qələmə aldıqları və bir çox məşhur insan tərəfindən də imzalanan "Dünya əxlaqı haqqında bəyanat"-dakı ifadələr olduqca əhəmiyyət daşıyır:
"Şəxsi təcrübələrdən və dünyanın əzab-əziyyətlə dolu tarixindən öyrənmişik ki, tək başına qanunlar və ənənələr yolu ilə yaxşı bir dünya sistemi qurula bilməmişdir; bu məcburiyyətlə də qurula bilməyəcəkdir. Sülhün, ədalətin və yer üzünün qorunmasının təmin edilməsi üçün, insanların ədalətin təmin olunmsında həmfikir və əməkdaşlıq etməyi əsas şərtdir. Ədalətin və hürriyətin həqiqətə çevrilməsinə kömək, bir öhdəlik və vəzifə məsuliyyətin dərki və bunun üçün həm beyinlərinə, həm də qəlblərinə xitab olunmalıdır. Əxlaqi davranış olmadan hüququn daimiliyini təmin edəcək hər hansı bir dayaq mümkün deyildir və buna görə beynəlmiləl dünya əxlaqı olmadan yeni bir dünya sistemi olmayacaqdır.16
Nəticə; tənqid vəya tərif
XXI əsrin əvvəllərində islam dünyası qloballaşma ilə yaxından tanış olmağa və onun təsirlərini dərindən hiss etməyə başlamışdır. İslam və qloballaşmanın bir-birlərinə olan təsirlərini müxtəlif şəkillərdə dəyərləndirməyə çalışdıq. Beləliklə, qloballaşmanın bir bilgi maşını olduğunu gördük. Və bu bilgi maşınından məntiqli, eyni zamanda malik olduğu doğru dəyərlərin əksinə olmadıqca istifadə etmək zərərli deyildir. Əksinə, nəzarət edildiyi təqdirdə insanlığa çox faydalıdır. Bütün bunları nəzərə alaraq qloballaşmanı həm mənfi, həm də müsbət yönlərilə aşağıda toplamaya çalışdıq.
Beləliklə müsbət cəhətləri ilə qloballaşma:
-dünyada, xüsusilə islam dünyasında minlərlə yeni iş yerlərinin qurulmasına şərait yaradmışdır.
-xəbərləşmə və telekommunikasiya sahəsində irəliləyiş və bunun daha da geniş kütlələrə çatdırılmasına köməklik etmişdir.
-kredit və investitsiyalar çoxalçışdır.
-texnalogiya mübadiləsi artmışdır.
-elm və təhsil imkanları artaraq bəşəri qaynaqlar aktiv hala gətirilmişdir.
-hüquqa, mülkiyyətə, insan haqlarına hörmət etmək genişlənmişdir.
-qeyri-hökumət təşkilatlarının qurulması və bunlar arasındakı əlaqələr gedərək artır.
Bunlar, qloballaşmanın müsbət, xeyirli tərəfləridir. İndi isə mənfi və zərərli yönlərinə diqqət yetirək.
Qloballaşma nəticəsində:
-dünya ticarəti böyük və beynəlxalq şirkətlərin əlində cəmləşir.
-ucuz əməyin istismarı, yerli şərait və şərtlərdən istifadə, ətraf mühiti korlayan bir sistem qurulur.
-zənginliyin qlobal şəkildə artmasına baxmayaraq, qazanclar və ya gəlirlər müəyyən təbəqələrin əlində cəmlənmişdir.
-missionerlik fəaliyyətləti qlobal bir hala gəlmişdir.
-son on ildə yoxsulluğun dünya miqyasında həddi 1.5 milyard nəfərə çatmışdır.
Bir şeyi qəbul etmək lazımdır qloballaşma rədd edilə bilməyəcək qədər həyatımıza nüfuz etmişdir. Buna görə biz, qloballaşma ilə birlikdə yaşamalı və onu dərk etməliyik. Bir tərəfdən qloballaşmanın dəyərlərimizə olan təsirlərinin qarşısını almaq, digər tərəfdən isə qloballaşmaya istiqamət verməyə çalışmalıyıq.
İfadə etdiyimiz kimi, islam dünyasının dərin, zəngin, mədəni və tarixi irsi mirası vardır. Bütün bunları tək-tək təsbit edərək ortaya qoymalıyıq. Çünki tariximiz bizim keçmişimizdir. Gələcək də keçmişin üstündə qurulur. Tariximizin dinamik ünsürlərini bilməliyik. Bunlar bizim gələcəyimizə işıq tutacaqdır.
Bundan ötrü islam dünyasının elm, fikir və din mütəxəssisləri, bütün sahələrdə yetişmiş və yetişən gənc beyinləri vaxt itirmədən bir yerə toplanmalı və beynəlmiləl prinsiplərə malik olan islam dinini bəşəriyyətə ən doğru şəkildə çatıdırmalıdır. Çünki, İslam dini haqqında yanlış düşünən insanların çoxu dinimiz haqqında ya heç nə bilmir, ya da yanlış məlumat sahibidir. Məhz islam haqqında doğru bilgi sahibi olanlar, düzgün dəyərləndirmə ortaya qoya bilərlər. Belə olduğu təqdirdə, islamın insanlığa, sülh, əmin-amanlıq, xoşbəxtlik, sosial ədalətin bərpası, fikir və vicdan hürriyyəti, iqtisadi təminat kimi dəyələri gətirdiyi aydınlaşacaqdır. Dinin bir məqsəd deyil, vasitə olduğu bilinməlidir. Bunu bəşəriyyətə çatdırmağın ən asan yolu isə:-mənfi və müsbət tərəflərini izah etməyə çalışdığımız- qloballaşmanın özüdür.
1 Küreselleşme, Sivil Toplum ve İslam, Heyet, İstanbul 1997, s. 36; Erbay, Yusuf, "Kavram Olarak Küreselleşme", Yeni Türkiye, XXI Yüzyıl Özel Sayısı-I (sayı 19).
2 Dr. Abdulaziz Othman Altwaijri: "Globalization and the Cultural Life in the Islamic World", www.isesco.org.ma/pub/Eng/Globalization/Chap1/htm
3 Hasan Onat, "Küreselleşme ve İslamı Yeniden Düşünmek", www.hasanonat.com
4 Qloballaşmanın nə olduğu, nəyi ifadə etdiyi başa düşülmədən, onun haqqında hər hansı fikir söyləmək doğru deyildir. Yeri gəldikcə qloballaşma və onun mənfi və müsbət cəhətləri haqqında ətraflı məlumat almaq üçün baxınız: Milli kültürler ve küreselleşme. Prof. Dr. Erol Güngörün hatırasına. Yayına hazırlayanlar, Prof.Dr. Bahaeddin Yediyıldız, Doç. Dr. Çağatay Özdemir, Doç. Dr. Fahri Unan, Konya 1998; Barnet, R., Global Reach, Simon and Schuster Pub., New York; Aren, Sadun; "Küreselleşme, Sosyalizm ve Geleceğin Yönü", NPQ Türkiye, Cild 1, Sayı 4, (Kış, 1999); Qloballaşma və İslam, Elmi Konfransın Materyalları, Bakı, 12-13 may 2004; Ayata, Sencer, "Toplumbilim Açısından Küreselleşme", Emperyalizmin Yeni Masalı Küreselleşme, (Yayına Haz.: Işıq Kansu), Imge Kitabevi, Ankara 1997; B. H. Emre; "Küreselleşme, Devlet ve Demokrasi", Amme İdaresi Dergisi, Cilt 32, Sayı 4 (Aralıq 1999); Erdem, M. Burhan; "Küreselleşme ve Bilgi Çağında Yeni Ekonomi", Yeni Türkiye, XXI Yüzyıl Özel Sayısı-I (sayı 20); Gencay Şaylan, Değişim, Küreselleşme ve Devletin Yeni İşlevi, İmge Kitabevi, Ankara 1995; Keyman, E. Fuat və Ali Yaşar Sarıbay, "Küreselleşme, Siyaset ve Toplumsal Yaşam", Küreselleşme, Sivil Toplum ve İslam, (Der.: E. Fuat Keyman ve Ali Yaşar Sarıbay), Vadi Yayınları, Konya 1998; Kömeçoğlu, Uğur, "Küreselleşme, Modernleşme ve Modernlik", Doğu Batı, Yıl: 5, Sayı: 18 (Şubat, mart, nisan 2002)
5 Sarıtaş, Müzeyyen, "Son Yüzyılda Dünyada və Türk Dünyasında Bilim ve Teknoloji", Milli kültürler ve küreselleşme. Prof. Dr. Erol Güngörün hatırasına. Konya 1998. s.61.
6 Tümer, Prof. Dr. Günay - Küçük, Prof. Dr. Abdurrahman, Dinler Tarihi(184+0)Ankara 1997, s.1.
7 Dinlər haqqında daha ətraflı məlumat üçün baxın: Din Fenomeni, Heyet, Konya 1993.
8 Hasan Onat, "Küreselleşme ve İslamı Yeniden Düşünmek", www.hasanonat.com
9 Dr. Adnan, Aslan, "Küreselleşme ve Din", www.diyanet.gov.tr/DİYANET/avrupa/2004avrupa/aralik/y03.html
10 Dr. Adnan, Aslan, "Küreselleşme ve Din", www.diyanet.gov.tr/DİYANET/avrupa/2004avrupa/aralik/y03.html
11 Qurani Kərim, Al-i İmran surəsi, 19-cu ayə; Maidə surəsi, 3-cü ayə.
12 İmam Malik; Muvatta, Hüsnü-l Xülq, 8, II/904.
13 Qurani Kərim, əl-Bəqərə surəsi, 43-cü, 83-cü, 110-cu; ən-Nur surəsi, 56-cı ayə; Müzzəmmil surəsi, 20-ci ayə; ən-Nisa surəsi, 77-ci ayə.
14 Həzrəti Peyğəmbər, vəfatından bir müddət əvvəl "Vida xütbəsində" bu məsələni dəqiq şəkildə açıqlamışdır.
15 Qurani-Kərim, əl-Hücurat surəsi, 13-cü ayə.
16 Hans Küng- Karl Kuschel, Evrensel bir ahlaka doğru, tərcümə edən, N. Aşıkoğlu-C. Tosun-R. Doğan, Ankara 1995, s.16.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə