Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







AZƏRBAYCANDA ƏLVERIŞLI INVESTISIYA IQLIMI VARMI?

Font:      
QASİM ABŞ Dövlət Deparatamentinin bəyənatını müzakirə etdi.
«Qloballaşan Azərbaycan» Sivill İnkişaf Mərkəzinin ənənəvi Şənbə Klubu ötən həftə ABŞ Dövlət Departamentinin Azərbaycanda 2006-cı ilin investisiya mühiti ilə bağlı yaydığı son bəyanatı ölkənin tanınmış iqtisadçılarının müzakirəsinə çıxartdı.
Xatırladq ki, bəyanatda Ermənistanla münaqişənin Azərbaycan iqtisadiyyatının inkişafına mühüm çətinliklər yaratdığı qeyd olunur. Bildirilir ki, Azərbaycanda 2006-cı ildə ÜDM-nin 30%-dən çox artacağı gözlənilsə də, Azərbaycan Hasilatın Pay Bölgüsü sahəsindən istisna olmaqla, hələ ki, digər sahələrə xarici investisiyaların cəlbi məqsədilə stimullaşdırıcı vasitələrdən istifadə etmir.
Eyni zamanda bildirilir ki, Azərbaycanın iqtisadi inkişafına maneçilik törədən əsas amillərdən biri də korrupsiyadır. Bu amil həmçinin investisiyaların cəlbinə mane olan amillərdən biridir və özünü xüsusən qeyri-enerji sektorunda biruzə verir. Lakin antikorrupsiya tədbirləri ilə bağlı qanunlar və sərəncamlar səmərəli şəkildə həyata keçirilmir və 2005-ci ilin yanvarında yeni qanun qüvvəyə minsə də, Azərbaycan bu qanunun icrasında hələ əhəmiyyətli nailiyyətlər əldə etməyib.
Bəyənatın beynəlxalq əhəmiyyətini nəzərə alan QASİM-in Şənbə Klubu mövzu ətrafında «Azərbaycanda əlverişli investisiya iqlimi varmı; İnvestisiyaların təşviqi üçün nə etmək olar; Dünyada xarici investisiyaların təşviqi üçün hansı vergi güzəştləri tətbiq olunur» altbaqlıqları altında müzakirə açdı. Tədbirdə prof. Zahid Məmmədov, iqtisad elmləri doktoru Əkbər Eldaroğlu, İqtisadi Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı ekspert Qubad İbadoğlu, QASİM-in iqtisadiyyat departamentinin rəhbəri, İH üzvü Rəşadət Axundov, elmlər doktoru Şahin Əhmədoğlu, Sahibkarlar Şurasının nümayəndəsi, iqtisadçı alim Şamil Kərəmov, «Həftə içi» qəzetinin iqtisadiyyat departamentinin nümayəndəsi … və başqalaraı qatılmışdılar. Bundan əlavə, Türkiyədən də İstanbul Universitetinin doktorantları İlkin Rzayev, Natiq Sabiroğlu və Bəhruz Məmmədli də mövzu ilə bağlı öz araşdırmalarını təqdim etmək üçün internet vasitəsi ilə canlı olaraq müzakirəyə qoşulmuşdular.
QASİM-in həmsədri Anar Əsədbəylinin giriş çıxışından sonra İstanbul Universitetinin iqtisad elmləri doktoru İlkin Rzayev öz araşdırmasını iştirakçıların nəzərinə çatdırdı. Diqqəti Milli Məclisin İqtisadi Siyasət daimi komissiyasının 17 may 2001-ci il tarixli iclasında müzakirəyə çıxarılan, lakin sonradan it-bata düşən «İnvestisiyaların Təşviqi Haqqında» Azərbaycan Respublikasının qanun layihəsinə yönəldən İ.Rzayev dedi: «Layihədə mənfəət vergisi, yol vergisi, sosial ödəmələr, eləcə də elektrik enerjisi və nəqliyyat haqları ilə bağlı 12 ilə qədər tətbiq oluna biləcək güzəştlər müəyyən edilməsi nəzərdə tutulurdu. Sənəddə nəzərdə tutulan güzəştlərin neft-qaz sektoruna, maliyyə, bank və sığorta sektorunda çalışan şirkətlərə şamil edilməyəcəyi də qeyd olunmuşdu. Qanun layihəsində bir sıra hallarda investorların gömrük rüsumlarından, eləcə də Əlillərin Sosial Müdafiəsi Fonduna və Məşğulluq Fonduna ödəmələrdən azad edilməsi də nəzərdə tutulmuşdu.
Güzəştlər qoyulacaq investisiyanın həcmindən asılı olacağına görə layihəyə bir növ norma xarakteri daşıyan “minimal investisiya həcmi” anlayışı daxil edilmişdi. Bu rəqəm müvafiq icra hakimiyyəti orqanı tərəfindən hökumət proqramlarına uyğun şəkildə müəyyən olunacaqdı. Layihəyə görə, mənfəət vergisi investisiyanın həcmindən asılı olaraq diferensiallaşdırılacaqdı. Beləliklə qoyulan investisiyanın həcmi “minimal investisiya həcmi”ndən 10 dəfə artıq olduqda vergi bazası 5 il müddətində 35 faiz, investisiyanın həcmi 10-30 dəfə artıq olduqda 6 illiyə 40 faiz, 500 dəfədən artıq olduqda 12 il ərzində 70 faiz azalacaqdı və s. Müqayisə üçün qeyd edək ki, Türkiyədə bir müddət tətbiq edilən “minimal investisiya həcmi” xarici investisiyalarda hər ortaq üçün minimum 50 min ABŞ dolları həcmində müəyyənləşdirilmişdi.
“İnvestisiyanın Təşviqi Haqqında” qanun layihəsi hazırlanarkən, bir çox ölkələrin təcrübələrindən yararlanmaq vacibdir. Çünki bizim güzəşt kimi təklif etdiklərimiz digər ölkələrin təkliflərinin yanında xarici investorlar üçün əlavə bir alternativ yaradır. Ona görə də təkliflərimiz daha cəlbedici olmalıdır. Məsələn, Malayziyada investorun ilk on ildə ümumiyyətlə mənfəət vergisi ödəmədiyi vurğulanır. Təbii ki, ilk baxışdan bu ifrat güzəşt kimi qəbul oluna bilər. Lakin praktika göstərir ki, orta səviyyəli bir sənaye quruluşu üçün ilk 2-3 il investisiya qoyuluşuna sərf olunur. Sonrakı 3-5 ili də müəssisə zərərlə işləyir, yəni, ilkin mənfəətdən əvvəlki zərərlərini çıxmaqla məşğul olur və faktiki olaraq ilk 8-10 ildə vergi ödəmir.
1980-cı illərdə İrlandiyada isə dövlət investorlara torpaq sahəsi ayırmış və hətta inkişaf etdirmək istədiyi sənaye sahələrinə binalarını da özü tikib vermişdi. Belə addımların nəticəsidir ki, İrlandiya əhalisinin sayı 3 milyon olduğu halda, ölkəyə daxil olan birbaşa xarici investisiyaların həcmi 1995-ci ildə 40 milyard dollar ikən, 2000-də 137 milyard dollar, 2002-də 168 milyard dollar və 2003-də isə 193 milyard dollara yüksəlmişdir.
Əfsuslar olsun ki, bəhs edilən layihənin inkişaf etdirilməsi bir yana dursun, o layihədən bir daha xəbər çıxmadı.»
Xarici investisiyaların təşviq edilməsi yolları haqqında çıxış edən İstanbul Universitetinin doktorantı Natiq Sabiroğlu dünyada dah çox pul və vergi təşviq növlərinin tətbiq olunduğunu bildirdi. Lakin pul təşviqlərinin nəticəyə fokuslanmaması, sui-istifadə və spekulyasilara açıq olması vergi təşviqlərinə rəğbətin getdikcə adaha artdığını söylədi. N.Sabiroğlu daha sonra dünya ölkələrində vergi təşviqlərini və növlərini özündə əks etdirən cədvəli iştirakçılara təqdim edərək, inkişaf etməkdə olan ölkələrdə vergi təşviqlərinin əsasən dörd başlıca məqsədin gerçəkləşdirilməsi üçün tətbiq edildiyini göstərdi: 1. Regional investisiyaların artırılması; 2. Sektoral investisiyaların artırılması; 3. Perfomansın artırılması; 4. Texnologiya transferi.

«Təşviq siyasəti müəyyənləşdirilirkən kəmiyyət kriteriyalarının (sabit və dəyişkən kapital miqdarı, işçi sayı və s.) yanında keyfiyyət xüsusiyyətləri (inkişaf etmiş texnologiyadan istifadə kimi) də diqqətə alınmalıdır. Dolayısilə təşviq sistemi ölkənin ehtiyacı olan yüksək texnologiyanı da əhatə edəcək bir şəkildə ələ alınmalıdır.» - deyə çıxışını davam etdirən N.Sabiroğlu vergi təşviqlərinin Azərbaycanda tətbiqi üçün öncəlliklə hansı addımların atılmasının labüdlüyü ilə bağlı fikirlərini də iştirakçılarla bölüşdü.
İstanbul Universitetinin digər bir doktorantı Bəhruz Məmmədli isə çıxışını başqa bir maraqlı məqama yönəltdi. Onun fikrincə, «sadəcə investisiya həcminin artımına baxaraq həmin ölkə iqtisadiyyatının inkişafı haqqında fikir yürütmək çox çətindir. İnvestisiya çox geniş bir anlayışdır. Baxır söhbət hansı investisiyadan gedir: portfel investisiyasından, spekulyativ investisiyadan, birbaşa investisiyadan, daxili, yoxsa xarici investisiyadan? Ölkə olaraq elə yanlış sahələrə investisiya cəlb edə bilərik ki, bu ölkəni inkişafa yox, tənəzzülə götürə bilər. Məsələn, bir ölkədə spekulyativ portfel investisiyalarının həcmi o qədər şişə bilər ki, bu hal ölkəni ciddi bir böhrana sürükləyər. Digər tərəfdən investisiyanın ölkəyə daxil olma forması da çox əhəmiyyətlidir. Bu yeni investisiyadırmı, yoxsa xarici şirkətin əsasən özəlləşdirmə yolu ilə yerli şirkəti satınalmasımı?»
Daha sonra Dünya Bankının “Doing Business” hesabatından müəyyən göstəriciləri iştirakçıların nəzərinə çatıdarn B.Məmmədli bildirdi ki, bu hesabata görə, «Azərbaycan biznes mühitinin asanlığı göstəricisinə görə 155 ölkə arasında 98-ci yeri tutur. Biznesə başlamaq göstəricisinə görə isə Azərbaycan sıralamada 96-cı, lisenziya almaq göstəricisinə görə isə 139-cudur.»
Müzakirədə iştirak edən digər iştirakçılar da həm çıxışlar ətrafında, həm də mövzu ilə bağlı öz fikirlərini bildirdilər. İqtisadçı ekspert Qubad İbadoğlu isə məşhur «Forbes» jurnalının tərtib etdiyi cədvəli müzakirəyə təqdim etdi. Bu cədvələ görə sərmayə qoymaq baxımından ən əlverişli 135 ölkə sırasında Azərbaycan 122-ci yerdədir. Keçmiş sovet respublikalarından Estoniya 8-ci, Latviya 22-ci, Ermənistan isə 72-ci yerdədir.
Müzakirədə ölkədə azad iqtisadi zonaların yaradılmasının da çıxış yollarından biri ola bilcəyi vurğulandı. Lakin əvəzində buna etiraz edən də tapıldı: «Ondansa müasir texnologiyalara dayanıqlı azad bilgi zonaları yaradılsın».
Mövzu ətrafında digər çıxışlar da dinlədildikdən sonra əldə edilən yekun rəy «İnvestisiya haqqında» qanunun dünya təcrübəsini dərindən öyrənərək yenidən işlənməsinin labüdlüyü oldu.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə