Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







AZƏRBAYCANI BİLGİ ÇAĞINA HAZIRLAMAQ GƏRƏKDİR

Font:      
Bu gün dünyada ən çox dartışılan mövzulardan biri də qloballaşmadır. Bir çox məşhur fikir adamları bu mövzuda ciddi mübahisələr açdığı, yeni dövrün problem və perspektivlərini bu pəncərədən yozmağa çalışsa da Azərbaycanda uzun müddət bu sahədə də susqunluq idi.
Ötən ilin ortalarında yaranan Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi (www.qasim-az.com) qısa zamanda bu istiqamətdə xeyli işlər gördü.
Qurumun həmsədri Anar Əsədovla bu günkü söhbətimiz də qloballaşma prosesinin özü ilə gətirdiyi bir cox ciddi suallar ətrafında olacaq.

- Verilən məlumata görə, Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi olaraq bu yaxınlarda 5 kitab nəşr etməyi planlaşdırırsınız. Kitablar hamısı qloballaşma prosesini müxtəlif aspektlərdən təhlil edən araşdırmalardan və bu istiqamətdə ölkəmizin üzərinə düşən vəzifələrdən bəhs edir. Ümumiyyətlə sizcə, qloballaşmadan qorunmaq lazımdır, yoxsa ona hazırlaşmaq?

- Təşkilatımızın söykəndiyi əsas prinsiplərdən biri özü-özlüyündə bu suala cavab verir:İdarəolunmayan qloballaşma istənilən cəmiyyəti dağıda bilər. Bu o deməkdir ki, qloballaşmanın iradəmiz xaricində inkişaf edən və nəzarət edə bilməyəcəyimiz bir proses olduğunu dərk edərək, buna ciddi hazırlaşmamız tələb olunur. Qloballaşmadan qorunmaq istənilən cəmiyyəti dünyanın bütün çağdaş nailiyyətlərindən təcrid olunma prosesinə gətirib çıxarda bilər. Digər tərəfdən, qloballaşmanın gəlişi qaçılmaz prosesdir. Ən dogru yol, ona hazır olmaqdır. Bunun üçün isə Azərbaycan istər təhsil, istər iqtisadiyyat, istərsə də bütün digər sahələrdə hələ çox işlər görməlidir.

- Azərbaycanın ucuz işçi qüvvəsinə sahib olmasını qloballaşma baxımından necə qiymətləndirərdiniz? Və ya ucuz əməklə qlobal rəqabət aparmaq olarmı?

- Son illər Şimali Amerika və Qərbi Avropa ölkələrinə məxsus kompaniyalar sürətlə inkişaf etməkdə olan ölkələrlə rəqabət aparmağa çətinlik çəkirlər. Bunun əsas səbəblərindən biri işçi qüvvəsinin qiymətində olan fərqdir. Nəticədə Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və s. ölkələrin istehsalat və xidmət göstərən kompaniyaları dünya bazarlarının getdikcə daha artıq hissələrini zəbt edirlər. Məsələn, Avropa bazarlarına yaxınlaşmaq üçün, bu kompaniyalar Şərqi Avropa ölkələrinə külli miqdarda sərmayə qoyurlar.

Rəqabətə tab gətirmək məqsədilə, dünya nəhəngləri sayılan kompaniyalar getdikcə işçi qüvvəsinin baha olduğu ölkələrdə işçilərinin sayını azaldır və ya strategiyasını dəyişir.
Əgər bu gün ABŞ-da yüz minlərlə vergi ödəyicisi mühasiblərini Hindistandan tutursa, Nyu Yorkda yaşayan bir amerikalı kompüterindəki nasazlığı aradan qaldırmaq üçün telefonla zəng edəndə cavab Hindistanın Banglore şəhərindən gəlirsə, bunun yalnız bir səbəbi var: çünki ucuzdur.

Bu gün Hindistanda 245 min operator dünyanın dörd tərəfindən gələn saysız-hesabsız telefon tələblərini qarşılayır. Və ya başqa bir misal. Reuters xəbər agentliyinin dünyadakı 197 bürosunda fəal olaraq 2300 jurnalist çalışır. İqtisadi xəbərlərə daha çox üstünlük verən Reuters Hindistanın Banglore şəhərini özəl bir qərargah seçərək, bəzi əməliyyatlarını Nyu York yerinə burada gerçəkləşdirməyə başladı. Bu gün bu büroda minə yaxın hindli təhlilçi və jurnalist çalışır. Yenə məlum səbəb: Bangloreda əmək haqları aşağıdır! Çünki eyni işə görə bir təhlilçiyə New York, ya da Londonda illik 80 min dollar ödəmək lazım idisə, Bangloreda bəlkə də daha məhsuldar işə görə ən çox 15 min dollar ödənilir. Amma Azərbaycanın da uyğun prosesdən bəhrələnmək imkanları hələ minimumdur. Çünki indiki təhsil səviyyəsi ilə rəqabətin çox güclü olduğu dünya əmək bazarında azərbaycanlı öz intellekt və bilik səviyyəsi ilə öyünə bilmir. Etiraf etmək lazımdır ki, Azərbaycan indiki bilgi çağına tam hazır deyil və rəqabət aparmaq imkanları azdır.

Ucuz əmək qüvvəsi uzunmüddətli perspektivdə üstün rəqabət qabiliyyətə təmin edəcək bir amil deyil. BU baxımdan Hindistan gələcəyə Çindən daha yaxşı hazırlaşır. Azərbaycan isə kiçik ölkə olduğundan nə indi, nə də gələcəkdə ucuz əmək ehtiyatlarına görə rəqabət üstünlüyü əldə edə bilməz. Biz yalnız təhsil sayəsində informasiya çağının tələblərinə uyğun, əlavə dəyər yaratma potensialı yüksək olan mütəxəssislər hazırlamaqla əlverişli rəqabət şərtləri əldə edə bilərik.

- Hal-hazırda bütün dünyada böyük şirkətlər arasında birləşmə və satınalma fəaliyyətinin qızışdığını müşahidə edirik. Qloballaşma baxımından bunu necə şərh etmək olar?

- Qloballaşma - iqtisadi, siyasi, mədəni, texnoloji, hərbi, hüquqi inteqrasiya nəticələri olan bir prosesdir. Bu kimi birləşmə və satınalma fəaliyyətləri də qloballaşma prosesinin geniş vüsət almasının nəticəsidir. Qloballaşma ilə birlikdə yeni dünya düzənini dizaynetmə funksiyasını üzərinə götürmüş millətüstü, dövlətüstü qurum və quruluşlar ortaya çıxmaqdadır.

Son dövrlərdə bilgi sahibi və daşıyıcısı olan insan gücünü əldə etmək şirkət birləşmələrinin əsas məqsədinə çevrilir. Daha sonrakı məqsəd beyin gücünün qorunması və şirkət daxilində saxlanması problemini həll etməkdir. Amma belə birləşmələr həmişə uğurlu olmur. Diqqətinizi bir araşdırmanın nəticələrinə yönəltmək istəyirəm. Məlum olub ki, belə hallarda satınalınan şirkətin yuxarı eşalonunda çalışan işçilərin 47 faizi bir il ərzində, 72 faizi isə üç il ərzində firmadan ayrılır. Buna səbəb "mədəni fərqliliklərin və ya daha geniş desək, "mədəni atmosferə uyuşmazlığın ortaya çıxmasıdır. Bu halda isə lazımi motivasiya əldə edə bilməyən mütəxəssislərdən yüksək performans - bilgi istehsalı gözləmək doğru olmaz.

Bundan əlavə, şirkəti əhatə edən atmosfer də - siyasi, iqtisadi, sosial, psixoloji və s. faktorlar da bura təsirsiz ötüşmür. Yəni o ölkədə xalq və dövlət birləşmələrə necə baxır, xarici düşmənçilik varmı, həmkarlar ittifaqları güclüdürmü, inanc normaları nələrdir və s.

Satınalma və birləşmələr daha çox bilgi firmalarında uğurlu alınır. Çünki belə firmalarda ən yayğın anlayış elmə önəm vermə mədəniyyətidir. Bu firmadaxili mədəniyyət işçilərə sonsuz düşüncə müstəqilliyi verir. Çünki bilginin necə əldə ediləcəyi, necə idarə ediləcəyi, ondan necə nəticə çıxarılacağı ilə bağlı konkret bir metod yoxdur. Bu da firmada çalışan bilgi işçilərinin bir-birindən fərqli bir işgörmə mədəniyyətinə sahib olmasına səbəb olur. Yəni bilgi firmalarında iş görmə mədəniyyətinin yerini fərdi iş görmə mədəniyyəti alır. Bəlkə də buna mikro iş görmə mədəniyyəti deməliyik. Dolayısilə bilgi firmaları arasındakı birləşmə və satınalmalar bu məntiqlə daha müvəffəqiyyətli olur.

- Bu şirkətlərin Azərbaycana dəvət edilməsi məsələsinə necə baxırsınız? Bunun üçün hansı hazırlıqlar aparılmalıdır?

- Qloballaşma firmaların və ölkələrin qarşısında bir reallıq kimi durur. Artıq risk paylaşdırılması, fərqli bazarlarda yaranan yeni imkanlardan istifadə etmək arzusu firmaları çoxmillətli şirkətlərə çevirmişdir. Birləşmələr və satınalmalar isə daha effektiv və səmərəli fəaliyyət məqsədilə ortaya çıxır. Amma hər nə qədər 100-dən çox ölkənin anti-inhisar qanunları olsa da, bunların çox azında bu qanunlar yaxşı işlənmişdir və ya çox azında praktik həyata təsir etməkdədir. Qloballaşma prosesində ortaya çıxan birləşmə və satınalmalarda müxtəlif regionlarda müxtəlif anti-inhisar qanunların olması öz mənfi təsirini göstərir. Hətta ən inkişaf etmiş praktiki anti-inhisar qanunlarının olduğu ABŞ və Avropa Birliyi (AB) arasında da istər terminologiyada, istərsə də qanunun özündə fərqlər var. Bəzən isə tərəflərin öz mənafelərini güdməsi anti-inhisar qanunlarına tam olaraq zidd olmasa da, bəzi şirkət birləşmələrinin qarşısının alınmasına gətirib çıxarmışdır. Qloballaşma prizmasından baxanda ya dünyada ümumi bir anti-inhisar qanunu hazırlanmalıdır ki, hər ölkə buna razı olsun, ya da fərqli anti-inhisar qanunlar arasında əməkdaşlıq qurulmalıdır. Birinci təklif siyasi məsələlər səbəbi ilə və ölkələrin öz üstünlüklərini qorumaq məqsədilə reallıqdan uzaqdır. Amma əməkdaşlıq reallıq kimi görünə bilər. Bu baxımdan Azərbaycanın da anti-inhisar qanunvericiliyini gözdən keçirməsi lazımdır.

Digər tərəfdən ölkədə günün tələblərinə cavab verən İnvestisiyaların təşviqi haqqında qanunun qəbuluna, əmək məcəlləsində zəruri dəyişikliklərin həyata keçirilməsinə, təhsil sistemimizin bu kimi şirkətlərin ehtiyac duyacağı mütəxəssis qıtlığını aradan qaldırmağa və s. ehtiyac var.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə