Beynalxalq ödül

Sorğu


Sizcə qlobalaşmaya təkan verən amil hansıdır?







GÜNÜMÜZÜN FENOMENI: QLOBALLAŞMA

Font:      
Azərbaycan qloballaşma prosesinə hazırlığa haradan başlamalıdır?
Qloballaşma nədir və necə ortaya çıxıb?

Yaxın zamanlarda ortaya çıxan və qloballaşma adlanan bir fenomeni anlaya və dəyərləndirə bilmək üçün öncə bu hadisəni zaman axarı içərisində xüsusiyyətləri, səbəbləri və nəticələri ilə birlikdə qavramaq lazımdır. Əslində, qloballaşma tarixi anlam olaraq yeni bir anlayış deyildir. Qloballaşma adlanan bu proses 20-ci əsrin əvvəllərindən başlayaraq işlənməkdə olan bir termindir. 1917-ci illərdə Rusiya sosialist inqilabı və daha sonra II Dünya Savaşından sonra Şərqi Avropa, Çin və Kuba kimi ölkə və bölgələrin kapitalist sistemindən qopması bu prosesi ləngitdi. 1970-ci illərdən başlayaraq qloballaşma yenidən sürət götürmüş olsa da, yuxarıda bəhs edilən ölkələrdə bürokratik rejimlərin çökməsi və kapitalizm yoluna keçməsi ilə birlikdə, 1990-cı illərdən sonra kapitalist böyük sərmayə dünya səviyyəsində bu dəfə daha da böyük bir vüsətlə və daha geniş bir coğrafiyada yayılmağa, hakimiyyətini dərinləşdirməyə başladı. Beləliklə, qloballaşmanın günümüzdəki vəziyyəti bu inkişafların bir nəticəsidir.
20-ci əsrin son onilliklərində beynəlxalq münasibətlər dəyişməklə birlikdə iki əsrdir davam edən sənaye münasibətləri sistemi də yeni bir inkişaf trendinə üz tutmuşdur. Bu prosesin içərisində olan ölkələr çox ciddi transformasiyalar yaşamaqdadır. Qloballaşmanın əsas müstəvilərindən biri xüsusən, SSRİ-nin və eyni zamanda sosialist lagerin dağılması ilə daha da ön plana çıxan siyasi faktorlardır. Qloballaşmanın post-sosialist ölkələrə doğru ekstensiv genişlənməsi ilə, keçmişdə kommunizm və faşizmə qarşı mübarizədə olan ortaq Qərb hədəflərinin yerini perspektivdə beynəlxalq terror, su və qlobal istiləşmə kimi ortaq problemlərin alması gözlənilə bilər.
Bəs qloballaşma nədir? Məhdud (iqtisadi) mənada qloballaşma, istehsal faktorlarının (kapital, əmək, təşəbbüskar, bilgi və mal) və xidmətlər ticarətinin bütün dünya miqyasında sərbəst və de-requlyativ hərəkət qabiliyyəti qazanmasıdır. Geniş mənada qloballaşma isə, bir fenomendir və universal siyasi, ictimai və mədəni dəyərlərin milli baryerləri aşaraq lokal norma və rutinlər halını almasıdır. Hər yeni prosesdə olduğu kimi, qloballaşma mövzusunda da tərəfdar və əleyhdar tərəflər mövcuddur.
Tərəfdarları qloballaşmanı onu çoxplanlı, geniş, insan həyatının hər tərəfini əhatə edən, dünyanı transformasiya edən bir proses kimi qiymətləndirirlər. Bu qrup, sahib olduğu bilgi, bacarıq, qabiliyyət, yenilikçilik və yaradıcılıq kimi keyfiyyət üstünlüklərindən dolayı qloballaşmanı özləri nöqteyi-nəzərlərindən idarə və təxmin edilə bilən hala gətirməkdə və dolayısilə nemətlərindən də yararlana bilməkdədirlər. Öz təməl dinamikasından irəli gələn qloballaşma, iqtisadi platformada əmtəə və istehsal faktorlarının sərbəst axını üçün əlverişli şərait yaradaraq insan və cəmiyyət rifahlarının yüksəlməsində ən yaxşı vasitədir. Fəqət bu prosesin dünya miqyasında icra ediləcək məslək sahibi olmayanlar baxımından qeyri-müəyyənliyi və hətta təhlükəliliyi nəzərdən qaçırılmamalıdır.
Əməyin beynəlxalq mobilliyi, xüsusən də, onun yeni forması olan bilgi işçisi timsalında, qloballaşmanın bir komponenti kimi qarşımıza çıxmaqda və bir çox amilin yanında məhz bu element sayəsində də qlobal istehsal strukturunun optimallaşdırılmasına və müəyyən saylı dövlətlərin qloballaşmadan xüsusi faydalar götürməsinə səbəb olmaqdadır. Məhz bu səbəbdən qloballaşma prosesi bu və ya digər dövlətlərin, istehsalçıların və istehlakçıların, qısaca anti-qlobalistlərin istəyindən asılı olmayaraq dərinləşəcək və inkişaf edəcəkdir.
Beynəlxalq istehsal xarici ölkələrdə yerləşmiş müəssisələrdə aparıldığı kimi podrat üsulu ilə işlədilən yerli müəssisələrdə də aparılır. Bunun nəticəsi kimi xarici kompaniyalar nəinki, istehsalın aşağı düşmənin qarşısını alırlar, eləcədə ilkin investisiyaların qənaətinə və idarəetmə strukturunun sadələşməsinə (belə ki, podratçılar istehsalın fazalarına görə özləri cavabdehdirlər) nail olurlar.
Bu istehsal doğrudan doğruya beynəlxalq xarakter alır. Məsələn, avtomaşınların (müxtəlif markalı) istehsalı yeddi ölkənin müəssisələri üzrə paylanıb və hər ölkə özünə aid istehsal fazasına görə cavabdehdir. Bu istehsalın başqa növü də mövcuddur. Baş müəssisə inkişaf etmiş ölkədə yerləşir, amma detalların və komponentlərin yığılması başqa ölkədə yerləşir. Bu da beynəlxalq istehsal bazarları uğrunda mübarizənin əsas alətlərindən biri kimi sürətlə inkişaf edir.
Qloballaşmanın praktiki gerçəkləşməsinə bir neçə alət səbəb olmuşdur. Bunlardan birincisi iqtisadi liberalizmdir. Qloballaşma və izlənən neo-liberal siyasət dövlətlərin həm iqtisadiyyatlarında, həm biznesdə rolunu azaltmaqdadır. Bir tərəfdən, bir çox ikili və çox tərəfli beynəlxalq razılaşmalarda gömrük tariflərinin aşağı düşməsi, qeyri-tarif baryerlərin aradan qaldırılması, eksport və import proseduralarının sadələşməsi baş verdi. Fəqət bir cəhəti qeyd etmək lazımdır ki, çox tərəfli əməkdaşlığa önəm verən qlobal istehsal milli gəlir dəyişmələrinə daha həssas olan beynəlxalq əmtəə ticarətindən daha çox qloballaşmadan nəsibini almışdır. Xarici investor haqqında kodeksin qəbul olunması üçün artıq neçə illərdir Dünya Ticarət Təşkilatının mübarizə aparması əbəs deyil. Bu sayədə, 1950-1960-cı illərdə beynəlxalq əmtəə ticarətinin oynadığı funksiyanı günümüzdə (1990-cı illərdən sonrası) fiziki, maliyyə və bəşəri kapital yerinə yetirməkdədir.
Qloballaşmanın digər alətlərindən biri də özəlləşdirilmədir. Özəlləşdirmə dövlət, kooperativ, kollektiv və digər əmlakın xüsusi (gerçək və ya hüquqi şəxs) adamların əlinə daha məhsuldar istifadə məqsədilə keçməsidir.
Dünya miqyasında bütün lokal kültürləri yox sayaraq yeknəsəq bir mədəniyyətin yaranmasının etik və əxlaq problemlərini nəzdində toplaması danılmaz bir fakt olsa da, qloballaşmanın belə bir effektinin olacağını söyləmək absurd olardı. Çünki qloballaşma lokal fərqlilik və fürsətlərin ən yaxşı variantla dəyərləndirilməsi deməkdir. Düzdür elmi-texniki inkişafa və bilgi və kommunikasiya texnologiyalarının genişlənməsinə bağlı olaraq bütün dünyada avro-amerikan mədəniyyətin yayılması ilə bərabər avtoxon dini-mədəni-sivil dəyərlərin intibahı də baş verdi. Buna səbəb milli elitanın kənddən çıxanların hesabına genişlənməsi və bu insanların mühafizəkar milli-ənənəvi dəyərlərə üstünlük verməsi idi. İkincisi, Vyetnam, Əfqan və s. müharibələr zamanı yaranmış Avropa silahı qarşısında qorxu idi. Üçüncü səbəb isə, inkişaf edən ölkələrin dünya bazarlarında inkişaf etmiş ölkələrdə rəqabətə girmək qabiliyyəti idi. Məhz bu səbəbdən, 1980-ci illərin əvvəllərində sivil inkişafın vektorları arasında baş verən soyuqluq, daha doğrusu texnoloji və güc qeyri-mütənasibliyi 1990-cı illərin əvvəllərində düşmənçilik səviyyəsinə qalxdı və “ümumbəşər sivilizasiya”nın yaranması baş vermədi.
Yenə də bu arada iqtisadi qloballaşma sferasında böyük inkişafa nail olundu. Bu uğurların göstəriciləri kimi xarici ticarətin və eksport kvotalarının artması, xarici investisiyaların dinamikasının artması və keyfiyyət tərkibinin transformasiya uğraması, istehlakda xarici faktorların rolunun güclənməsi və s. kimi məsələlər göstərilə bilər.
Qlobal iqtisadiyyata qoşulan ölkələrin qarşısında 2 yolun açılması fraqmentasiyasını gücləndirir. Bir çox balaca və orta ölkələr kifayət qədər resurslara malik deyillər, bu isə onların iqtisadi artımının və inkişafının qarşısını alır. Kənd təsərrüfatının proporsiyalarını optimallaşdırmaq və intensiv metodlarla artıma nail olmağın yeganə yolu qlobal iqtisadiyyata qoşulmaqdır. Ancaq inteqrasiya o deməkdir ki, bu ölkənin iqtisadiyyatı birbaşa xarici bazarlarla tənzimlənir. Dolayısilə bu ölkə ümumi iqtisadi bazara təsir etmək gücünü itirir. Bəzən bu inteqrasiyanın nəticələri müxtəlif olur.

Qloballaşmanın təsirləri nələrdir?

Qloballaşmanın bu prosesə qoşulan ölkələrdəki təsirlərini biznes sektorunda, siyasətdə, texnoloji və iqtisadi strukturda müşahidə etmək mümkündür:
İqtisadi dəyişmələr:
- Daxili və xarici bazarlarda rəqabətin artması,
- İstehsal faktorlarının çox axışa bilən bir hala gəlməsi,
- Sərbəst ticarətin müdafiə edilməsi və yayğınlaşması,
- Proteksionist tədbirlərin tətbiqi,
- Markaların, texnoloji kəşflərin, patentlərin inhisar qazancları əldə edə biləcək şəkildə qorunmasına yönəlik fəaliyyətlər.
- Regional iqtisadi və ticari blokların inkişafı,
- İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarında yetkin və doyma nöqtəsinə çatmış sənayelər və bazarlarla üz-üzə qalması,
- Ölkələr arasında gəlir, infrastruktur və rifah standartlarındakı fərqlərin daha da artması,
- Demoqrafik dəyişmələr, yaşlanan əhali, çalışan qadın satışındakı artışlar, gec evlənmələr, kiçilən ailələr, keyfiyyətli iş gücü yetərsizliyi və s.
Biznes sektorunda müşahidə edilən struktur dəyişmələri:
- Çoxmillətli şirkətlərin hakimiyyəti,
- Açıq şirkət formalarının ortaya çıxması,
- Virtual şirkət formaların yayğınlaşması,
- Strateji ittifaqların gedərək artan bir şəkildə yayğınlaşması,
- Böyük iyerarxiyalı mərkəzi şirkət strukturlarının yerinə daha az pilləli, daha elastik şərtlərlə uyğunlaşa biləcək şəkildə hazırlanmış iş gücünə sahib adəmi-mərkəziyyətçiliyə əhəmiyyət verən şirkətlərin ön plana çıxması,
- Şirkət idarəetməsində nəzarət və koordinasiyanın əhəmiyyətinin artması.
Texnoloji dəyişmələr:
- İnformasiya və kommunikasiya texnologiyalarındakı inqilabi dəyişmələr,
- Mal və istehsal texnologiyalarındakı dəyişmə sürəti (genetika, metallurgiya və s. kimi mövzuları də ehtiva etməkdədir.)
Siyasi dəyişmələr:
- ABŞ-ın tək və və rəqibsiz bir dünya lideri mövqeyinə gəlməsi,
- G-7-lərin effktiv rolu.
- ABŞ-ın BVF və Dünya Bankı üzərindəki təsiri,
- Xarici dövlət hökumətləri tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının fəaliyyətləri,
- Milli hökumətlərin müstəqil maliyyə və pul siyasətləri ilə bağlı proqramları həyata keçirə bilmə gücünün məhdudlaşması.

Qloballaşma və beynəlmiləlçilik arasında nə fərq var?

Son onilliklərin dünyəvi tendensiyalarını araşdırarkən ağıla 2 söz gəlir: qloballaşma və beynəlmiləlçilik. Aydındır ki, bu iki anlayış bir-biri ilə sıx bağlıdır. Ancaq bu sözlərin sinonim deyillər, tam əksinə, bu proseslər tam başqa yönlüdülər və dialektik qanuna görə bir-birinin əksidirlər.
Qloballaşma РІР‚" hibrid dünyəvi mədəniyyətin yaranması və milli adətlərin qarışması deməkdir. Qloballaşma millətlər arası əməkdaşlığın güclənməsi və əməyin dünya üzərində eyni qaydalarla bölünməsini nəzərdə tutur. Qloballaşma РІР‚" birbaşa təhsilli cəmiyyətin meydana çıxması ilə bağlıdır. C. Urry yazır ki, qlobal şəbəkə yeni maşınlar və texnologiyalar zamanı, məsafəni azaldır və eyni zamanda sosial kontrolun sərhədlərini aşır. O, reaktiv təyyarələri, audivizual verilişləri, kompüter şəbəkələrini (internet) və s. nəzərdə tutur. Düzdür qloballaşma yerli və milli suverinitetləri azalda bilər, xüsusən də, iqtisadi və maliyyə sferalarında. Amma bu üçüncü dünya ölkələrinin iqtisadi və sosial rifahının güclənməsinin və eləcə də, cəmiyyətin yoxsul təbəqəsinin maraqlarına uyğundur. Bu bizə bir faktı qəbul etməyə və başa düşməyə imkan yaradır ki, dünyəvi problemləri elə dünya masştabında da həll etmək gərəkdir.
Beynəlmiləlçilik isə, müxtəlif xalqların bir-biri ilə təmasında yaranır. Yəni burada söhbət sərhədləri və məhdudiyyətləri qaldırmaqdan getmir. Sadəcə olaraq, içəridə tam hegemon millət-dövlətlərin qarşılıqlı olaraq bəzi məhdudiyyətləri qismən azaltması vurğulanmaqdadır.
Qloballaşmadan fərqli olaraq, universitetlərdə beynəlmiləlçilik yeni fenomen deyil. Ali təhsildə həmişə beynəlmiləlçilik ruhu güclü olub. XX əsrin əvvəllərində iri imperiyalar öz koloniyalarında universitetlər yaratmağa başladılar ki, bu da öz növbəsində həmin koloniyalar müstəqillik qazanandan sonra daha geniş vüsət aldı.
II dünya müharibəsindən sonra Soyuq Müharibə şəraiti universitetlərdə beynəlmiləlçiliyi daha da gücləndirdi. SSRİ və Qərb öz təsislərini üçüncü dünya müharibəsi ölkələri arasında yayılması üçün mübarizə aparırdılar. Hökumətlər xarici tələbələri öz universitetlərinə cəlb edirlər. Sovetlər bu sahədə xüsusi elmi proqramlar hazırlayırdılar. Bu da öz növbəsində dilin geniş yayılmasına şərait yaradırdı. Bu gün beynəlxalq əməkdaşlığın yeni formaları peyda olur. Ali təhsilin beynəlmiləlçiliyi tələbə və müəllimlik fəaliyyətini aşaraq şəbəkə assosiasiyalar vasitəsi ilə yayımlanmağa başlamışdır. Bu gün dünya resursları, proqramları, institutları və təşkilatları beynəlmiləlçilik ideyası ətrafında sıx səfərbər olur.

Qloballaşma informasiya əməkdaşlığını niyə zəruri edir?

Qloballaşma prosesinə start verən proseslərdən biri də informasiya və kommunikasiya texnologiyalarının yayılmasıdır. Bir tərəfdən, bu həmin texnologiyaların effektivliyi ilə bağlıdır və bunlara aid şəxslərin idarəetmə hakimiyyətinin yüksək mərtəbələrinə qalxma ehtimalını gücləndirməkdədir; nəinki bu sahələr üzrə ən güclü professionalların. Məhz bu səbəbdən politexnoloqların, jurnalistlərin, bəzən isə açıq-saçıq şoumenlərin dünya dövlətlərində hakimiyyətin yüksək postlarına yiyələnməsi qloballaşmanın gətirdiyi qanunauyğunluqlarındandır.
Digər tərəfdən, informasiya texnologiyalarının dominant rol oynadığı zaman hətta, ənənəvi bəşəri fəaliyyət sahələrində - biznes, elm, incəsənət - uğur qazanmaq effektiv və enerjili təfəkkürün formalaşmasını tələb edir. Lazım olan texnologiyalardan istifadə olunmazsa, nəinki, yeni səviyyələrə qalxmaq olmaz, eləcə də, olduğun səviyyədə möhkəmlənmək qeyri-mümkündür. Beləliklə, informasiyalaşmış cəmiyyətdə kifayət qədər sürətlə daxili “informasiya əməkdaşlığı yaranır”.

Azərbaycan qloballaşma prosesinə hazırlığa haradan başlamalıdır?

Qloballaşmanın iradəmiz xaricində inkişaf edən və nəzarət edə bilməyəcəyimiz bir proses olduğunu dərk edərək buna ciddi hazırlaşmamız tələb olunur. Bizcə ölkəmiz qloballaşma prosesinə hazırlığa məhz təhsildən başlamalıdır. Bunun üçün aşağıdakılara ehtiyac var:
- Təhsildə vahid və aydın bir strategiyanın hazırlanması. Hazırlığa təhsil sahəsində qloballaşma prosesinin şərtləri nəzərə alınaraq vahid və bütün cəmiyyət üçün aydın olan bir strategiyanın hazırlanmasına ehtiyac var. İbtidai, orta və ali təhsilə kompleks yanaşma ortaya qoyulmalı, yeni təhsil qanunu dəyişən dünyamızın şərtləri və Boloniya Prosesi nəzərə alınaraq hazırlanmalı və qəbul edilməlidir. İbtidai və orta məktəb binalarındakı çatışmazlıq aradan qaldırılmalı, mövcud maddi-texniki baza, maliyyə, həmçinin kadr potensialı baxımından çətinliklər həll edilməlidir. Bu istiqamətdəki dövlət proqramlarının icrası daha geniş vüsət almalıdır.
- Kompüterdən və internetdən istifadənin təşviq edilməsi. Ölkədə hal-hazırda məktəblərin kompüterləşdirilməsi prosesi davam edir. Ümumiyyətlə isə ölkə səviyyəsində kompüter sahibi olanların sayının artırılması və internetdən istifadənin yayğınlaşdırılması, hər min nəfərə düşən kompüter və internet istifadəçisi sayısının günümüz dünyasının şərtlərinə uyğunlaşdırılması zəruridir.
- Xarici dillərin öyrənilməsinin vacibliyi. Hamı başa düşür ki, təhsildə beynəlxalq əməkdaşlıq ümumi bir dilin öyrənilməsinə gətirib çıxardır. Qloballaşma prosesi tələb edir ki, tələbələr xarici dil üzrə daha mükəmməl hazırlaşsınlar. Bir tələbənin xarici dil üzrə biliklərini bir daha diqqətlə nəzərdən keçirib nəticə çıxartmalıyıq. Bu gün ABŞ tərəfindən Avropa Birliyi ölkələrinə yönələn birbaşa xarici investisiyaların böyük bir qismi İrlandiyanı özünə mərkəz olaraq seçməkdədir. Buradakı ən əsas amil ingiliscə bilən, yüksək səviyyəli mütəxəssislərin mövcudluğudur. Biz də Azərbaycanı bölgə ölkələrinə yönələn xarici investisiyaların mərkəzinə çevirə biləcək potensiala yiyələnə bilərik. Bunun üçün iki istiqamətdə fəaliyyətimizi genişləndirməmizə ehtiyac var: Birincisi, xarici dil öyrənilməsinin dövlət siyasəti kimi təşviqi, ikincisi isə, ali təhsil qurumlarının günümüzün tələb etdiyi ixtisaslar üzrə mütəxəssislər hazırlaması işinin təşkili.
- Təhsil televiziyasının qurulması. Ölkədə Təhsil Televiziyasının qurulmasına ehtiyac var. Burada əsas fənlərlə yanaşı, kompüter və internetdən istifadə, xarici dillərin öyrədilməsinə yönəlik dərsləri ehtiva edən proqramların gün boyu yayımlanması zəruridir.
- Xaricdə təhsilin təşviq edilməsi. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Yaponiyanın eyni zamanda xaricə təhsil üçün ən çox tələbə göndərən ölkələr sırasında olması səbəbsiz deyil. Bu baxımdan Azərbaycanın xüsusilə, bakalavr sonrası xaricdə təhsilin təşviqi üçün dünyada qəbul olunan CMAT, CRAT növ imtahanlarının Azərbaycanda milli variantının qəbul olunmasına ehtiyac var. Gənclərimizin magistratura imtahanına dünya standartlarında hazırlaşması imkan verəcək ki, dünya universitetlərinin də qapıları gənclərimizin üzünə açılsın.
Çünki, yalnız gənc potensialımızı çağımızın şərtlərinə layiqli hazırlamaqla ölkəmiz qloballaşma prosesində layiqli yerini tuta və bölgənin ən önəmli ölkəsi mövqeyini qazana bilər.
Unudulmamalıdır ki, qloballaşmanın danılmaz faydaları bu prosesdən qorxmayan və bunu ən yaxşı şəkildə idarə etməyi bacaran ölkələr üçün keçərlidir. Azərbaycanın qloballaşma fenomeninin xaricində qalmaması və bu prosesdən maksimum fayda minimum zərər əldə etməsi üçün ayrıca bu mövzulara da diqqət yetirməsi vacibdir:
- Dövlət bütün qurum, quruluş və institutları ilə qloballaşma prosesindən maksimum şəkildə faydalanmanı başlıca məqsəd halına gətirməlidir.
- Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq və inteqrasiyaya gedilməlidir.
- Qloballaşma prosesi ilə bağlı məlumatlar orta dərs kitablarından universitetə qədər hər mərhələdə obyektiv bir şəkildə verilməlidir.
- Bu prosesdən maksimum yararlanmaq üçün mövcud qanunvericilik qlobal standartlarla uyğun hala gətirilməlidir.
- Dövlət artıq sərbəst bazara istədiyi qədər müdaxilə edə bilməyəcəyini bəri başdan qəbul etməlidir.
- Lazımi tənzimləmələrdən sonra milli sərhədlər xarici kapitala açılmalı və bütün məhdudiyyətlər aradan qaldırılmalıdır.
- Xarici investorlara yerli investorların sahib olduğu bütün hüquqlar verilməlidir.
- Liberal gömrük və vergi rejimləri tətbiq olunmalıdır.
- Dijitallaşma və e-dövlət praktikaları ilə şəffaflıq maksimum səviyyəyə çatdırılmalıdır.
- Rəqabət, fikri və sənaye patent haqları, texnologiya transferi və lisenziya kimi mövzulara xüsusilə diqqət yetirilməli, piratlılığa qarşı sərt tədbirlər görülməlidir.
- Finans sektorunun bu prosesi qarşılaya biləcək infrastruktura qovuşdurulması lazımdır.
- Qloballaşmanın sadəcə iqtisadi bir proses olmadığı gerçəyi unudulmamalı və bu baxımdan liberal-demokratiya ənənələri, qeyri-hökumət təşkilatları və açıq cəmiyyət institutları kimi iştirakçı və plüralist demokratiya məsələlərinə üstünlük verilməlidir.
- Ən nəhayət, qloballaşmanın iqtisadi-sosial-siyasi-mədəni-texnoloji effektləri ilə bağlı geniş əhatəli elmi-praktiki seminar və konferanslar keçirilməli və mediada bu mövzunun müzakirəsi təmin edilməlidir.


Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

TV lahiyə